Məhəmməd Baqir Qalibaf CNN və New York Times-ı hədəf alıb

Məhəmməd Baqir Qalibaf CNN və New York Times-ı hədəf alıb

Könül Məmmədova · Media ·

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın nüfuzlu media qurumlarını müharibə təbliğatı aparmaqda və ictimai rəyi manipulyasiya etməkdə ittiham edib. O, “The New York Times” və CNN-in bu məqsədlə istifadə olunduğunu iddia edib.

Redaksiya xəbər verir ki, Qalibaf müharibəyə təhrik edən informasiya kampaniyalarının əvvəlki üsullarla davam etdirildiyini, yalnız bu kampaniyalarda iştirak edən media qurumlarının dəyişdiyini bildirib.

“Eyni saxta bayraq əməliyyatları, eyni müharibə təxribatları davam edir. Sadəcə loqolar dəyişib”, – deyə İran parlamentinin sədri vurğulayıb.

Qalibafın sözlərinə görə, sağçı siyasi dairələrin etibarı tamamilə sarsıldığı üçün təbliğat fəaliyyəti “The New York Times” və CNN kimi media qurumlarına yönəldilib.

İran rəsmisi ABŞ milyarderi Larri Ellisonu da hədəf alaraq onun bu proseslərdə rol oynadığını iddia edib.

“Bütün bunlar İsrailin işğalçı qüvvələrinə ən böyük fərdi maliyyə dəstəyi göstərən və CNN-in yeni sahibi olan Larri Ellisonun razılığı ilə həyata keçirilir”, – deyə Qalibaf bildirib.

O, media üzərində nəzarətin sürətlə gücləndirildiyini də iddia edib.

“Media üzərində nəzarətin ələ keçirilməsi tam sürətlə davam edir”, – deyə İran parlamentinin sədri əlavə edib.

Qalibafın media qurumları və Larri Ellison barədə irəli sürdüyü ittihamlar onun şəxsi siyasi mövqeyini əks etdirir.