Apple və NSA-dan sonra ABŞ-ın təcili zəng sistemində problemlər

Apple və NSA-dan sonra ABŞ-ın təcili zəng sistemində problemlər

Fərid Əlizadə · Media ·

ABŞ-da 911 təcili zəng sisteminin fəaliyyətində nasazlıqlar yarandığı barədə məlumatlar yayılıb. İstifadəçilərdən daxil olan şikayətlərin sayında nəzərəçarpacaq artım qeydə alındığı bildirilir. Bu barədə internet xidmətlərinin fəaliyyətini izləyən “Downdetector” platformasının məlumatlarında qeyd olunur.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, 911 xidmətində yaranan problemlərlə bağlı şikayətlər artsa da, sistemin bütün ABŞ ərazisində tamamilə sıradan çıxdığına dair məlumat yoxdur.

Bildirilir ki, texniki problemlər ölkənin bəzi ərazilərində təcili zəng xidmətinin fəaliyyətinə təsir göstərə bilər. Bununla belə, nasazlıqların konkret hansı ştatları əhatə etdiyi və miqyası barədə dəqiq məlumat açıqlanmayıb.

Bundan əvvəl ABŞ-da Apple şirkətinin bir sıra xidmətlərində və Milli Təhlükəsizlik Agentliyinin (NSA) şəbəkəsində də fasilələrin yarandığı barədə məlumatlar yayılmışdı.

911 sistemindəki problemlərin əvvəlki nasazlıqlarla əlaqəli olub-olmadığı hələlik məlum deyil.

Nasazlıqların səbəbi və təcili zəng xidmətinin fəaliyyətinin nə vaxt tam bərpa olunacağı barədə əlavə məlumat verilməyib.