Makron: Avropa ABŞ və Çin təzyiqi altında strateji böhran yaşayır

Makron: Avropa ABŞ və Çin təzyiqi altında strateji böhran yaşayır

Sevinc Kərimova · Siyasət ·

Fransa Prezidenti Emmanuel Makron Avropanın dərinləşən geosiyasi və iqtisadi böhranla üz-üzə qaldığını bildirib və ABŞ-lə bağlı gözləntilərin doğrulmadığını açıq şəkildə ifadə edib. Onun sözlərinə görə, Avropa uzun müddət ABŞ-nin təhlükəsizlik baxımından etibarlı tərəfdaş olacağına inanıb, lakin reallıq bunun əksini göstərib.

Redaksiya xəbər verir ki, Emmanuel Makron Avropa KİV-lərinə müsahibəsində Çini “kommersiya sunamisi”, ABŞ-ni isə “ani və qeyri-sabit tərəfdaş” kimi xarakterizə edərək, Avropanın ikiqat təzyiq altında qaldığını vurğulayıb. O bildirib ki, vəziyyət 2024-cü ildə İtaliyanın əvvəlki baş naziri Mario Draqinin Avropa İttifaqının rəqabət qabiliyyəti ilə bağlı hesabatından sonra dramatik şəkildə pisləşib.

Makronun sözlərinə görə, Avropa hazırda Ümumdünya Ticarət Təşkilatının qaydalarına əməl etməyən ədalətsiz rəqiblərlə üzləşib. O qeyd edib ki, əgər Avropa İttifaqı növbəti 3–5 il ərzində heç bir addım atmasa, strateji sahələrdə tamamilə kənarda qalacaq. Fransa Prezidenti vurğulayıb ki, açıq aqressiya hallarında baş əymək və ya kompromis axtarmaq düzgün yanaşma deyil.

Emmanuel Makron əlavə edib ki, Avropa bu strategiyanı aylarla sınaqdan keçirib, lakin bunun heç bir nəticə vermədiyi aydın olub. O həmçinin diqqətə çatdırıb ki, Avropa Rusiyadan asılılığı aradan qaldırsa da, bunun əvəzində ABŞ-dən asılı vəziyyətə düşüb və hazırda Avropanın mayeləşdirilmiş təbii qaz tədarükünün 60%-i ABŞ tərəfindən təmin olunur. Fransa liderinin fikrincə, bu vəziyyət Avropanın strateji müstəqilliyi üçün ciddi risk yaradır.