Maduro fövqəladə vəziyyət elan etdi. Venesuelada silahlı qüvvələr səfərbər olunur

Maduro fövqəladə vəziyyət elan etdi. Venesuelada silahlı qüvvələr səfərbər olunur

Sevinc Kərimova · Hərbi ·

Venesuela prezidenti Nikolas Maduro ölkədə fövqəladə vəziyyət elan edərək silahlı qüvvələrin səfərbər olunması barədə fərman imzalayıb. Rəsmi qərar paytaxt Karakas və digər bölgələrdə baş verdiyi bildirilən hərbi hücumlar fonunda açıqlanıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Maduro Çin dövlət mediası CGTN-yə verdiyi açıqlamada Venesuelanın raketlərlə bombalandığını bildirib. O, Amerika Dövlətləri Təşkilatı və Birləşmiş Millətlər Təşkilatını dərhal fövqəladə iclasa çağıraraq beynəlxalq ictimaiyyətin vəziyyətə təcili reaksiya verməsinin vacibliyini vurğulayıb.

Venesuela hökumətinin yaydığı bəyanatda ABŞ tərəfindən həyata keçirildiyi iddia olunan hərbi hücum “hərbi təcavüz” kimi qiymətləndirilib. Rəsmi açıqlamada bu hücumların əsas məqsədinin ölkənin neft və mineral ehtiyatlarını ələ keçirmək olduğu iddia edilib.

Hökumət bəyanatında bildirilib ki, imperialist xarakterli aqressiyaya qarşı bütün müdafiə planları işə salınacaq. Rəsmi Karakas ölkənin suverenliyinin və ərazi bütövlüyünün qorunması üçün bütün imkanlardan istifadə ediləcəyini bəyan edib.