Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-ın İranla qarşıdurmasını tənqid edərək bunun tarixi səbəblərlə deyil, İranın zəngin təbii sərvətləri ilə bağlı olduğunu iddia edib.
Redaksiya xəbər verir ki, Lukaşenko iranlıların tarixən heç kim qarşısında boyun əymədiyini bildirib. O, ABŞ-da İranla bağlı mövqenin 1970-ci illərdə Tehrandakı ABŞ səfirliyi ətrafında baş verən hadisələrlə əsaslandırılmasını düzgün hesab etmədiyini deyib.
Belarus lideri bu yanaşmanı İkinci Dünya müharibəsi ilə müqayisə edib. Onun sözlərinə görə, həmin müharibədə Sovet İttifaqının milyonlarla vətəndaşını itirməsi bu gün Almaniyaya qarşı yenidən müharibə aparmaq üçün əsas sayıla bilməz.
Lukaşenko bildirib ki, onun fikrincə, ABŞ-ın İranla müharibəyə başlamasının əsas səbəbi keçmişdəki hadisələr deyil, İranın resursları və strateji sərvətləridir. O, hazırda bu maraqlar uğrunda ciddi mübarizənin getdiyini deyib.
