Liviyanın Milli Neft Korporasiyası Zuviyyə şəhərində yanacaq çəninin çökməsindən sonra ən yüksək səviyyəli fövqəladə vəziyyət elan edib. Zuviyyə ölkənin paytaxtı Tripolinin yanacaqla təmin edilməsində mühüm rol oynayan əsas enerji mərkəzlərindən biridir. Bu barədə Al Jazeera məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, hadisədən sonra Milli Neft Korporasiyası ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib və vəziyyətin nəzarətdə saxlanılması üçün fövqəladə xidmətləri səfərbər edib. Hadisənin Zuviyyədə yerləşən neft və yanacaq infrastrukturunun fəaliyyətinə mümkün təsirləri qiymətləndirilir.
Zuviyyə neft emalı zavodu gündə təxminən 120 min barel xam neft emal etmək gücünə malikdir. Obyekt Tripolidən təxminən 40 kilometr qərbdə yerləşir və Liviyanın fəaliyyət göstərən ən mühüm neft emalı müəssisələrindən biri hesab olunur.
Zuviyyə kompleksi daha əvvəl də silahlı qarşıdurmalar və texniki insidentlər səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Milli Neft Korporasiyası belə hadisələrin paytaxt və ətraf bölgələrin yanacaq təminatına ciddi təsir göstərə biləcəyini dəfələrlə bildirib.
