ABŞ senatoru, prezident Donald Trampın yaxın dostu və qolf yoldaşı Lindsey Qrehem, Rusiya neftini alan ölkələrə qarşı sərt mövqe nümayiş etdirib.
Redaksiya xəbər verir ki, Qrehem Trampın Putinin “hərb maşınını” ucuz Rusiya nefti alaraq dəstəkləyən ölkələrə qarşı addım atmaq qərarını “oyunun qaydalarını dəyişən” bir addım kimi qiymətləndirib: “Bu ölkələr gecikmiş və ağır bir bədəl ödəmək üzrədir”.
O, Avropada Ukraynaya yardım edən ölkələrə təşəkkür etsə də, bəzi Avropa dövlətlərinin Hindistandan neft almasını tənqid edib: “Unutmayın ki, Hindistan həmin nefti Rusiyadan alıb. Biz bunu görürük. Bu, dərhal dayanmalıdır”.
Qrehemin açıqlaması Vaşinqtonun Rusiya enerji resurslarının dolayı yolla alınmasına qarşı nəzarəti gücləndirəcəyinə işarə kimi dəyərləndirilir.
Sevinc Kərimova
