Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasında çıxışında Fələstin mülki əhalisinə qarşı həyata keçirilən qətliamların, uşaqların bombardman və aclıqla öldürülməsinin, xəstəxana və məktəblərin dağıdılmasının heç bir bəraətinin olmadığını bildirib. O, həmçinin İordan çayının Qərb sahilinin ilhaqı planlarını da yolverilməz adlandırıb.
Redaksiya xəbər verir ki, Lavrov çıxışında “bu gün əslində Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan BMT qətnaməsini dəfn etmək üçün çevriliş cəhdi ilə üz-üzəyik” ifadəsini işlədib. Nazir əlavə edib ki, ərəb ölkələrində ivrit, İsraildə isə ərəb dili qadağan edilmədiyi halda, Ukraynada rus dilinə qadağa qoyulub.
Rusiyalı nazir ölkəsinin NATO ölkələrinə hücum planlarının olmadığını, lakin hər hansı təcavüzün qəti cavabla qarşılanacağını vurğulayıb. O həmçinin qeyd edib ki, Rusiya heç vaxt dron və raketlərini Aİ və NATO ölkələrinə qarşı yönəltmir. Lavrov bildirib ki, Fələstin torpaqları ilə bağlı “tanıyacaq heç nə qalmadan əvvəl təcili tədbirlər görülməlidir”.
Lavrov həmçinin bildirib ki, Türkiyə rus qazından imtina edərsə, ona anlayışla yanaşacağıq. Qeyd edək ki, Tramp Türkiyənin də rus enerjisindən imtina etməsini istəmişdi.
Nazirin BMT-dəki çıxışı zamanı zalın əksər hissəsi boş qalıb.
