“Landmark”ın yarım milyonluq əmlakı satışa çıxarıldı - İçərisində məşhur rəssamın əsəri də var

“Landmark”ın yarım milyonluq əmlakı satışa çıxarıldı - İçərisində məşhur rəssamın əsəri də var

Aytac Dəniz · İqtisadiyyat ·

Məhkəmə qərarı ilə müsadirə edilmiş “Landmark” Biznes Mərkəzinin əmlakları satışa çıxarılıb.

Satışa çıxarılan əmlaklar arasında dəyəri 30-40 min manat arası olan pianolar, rəsm əsərləri, eləcə də qiymətli heykəltaraşlıq nümunələri də var.

Satışa çıxarılan heykəllər arasında Əməkdar rəssam Rəşad Mehdiyevin müəllifi olduğu “İkarus” əsəri də yer alıb.

Hərracda təklif olunan rəsm əsərlərinin ümumi qiyməti 243 min manatdır. “Landmark”ın bu dəfə satışa çıxarılan əmlaklarının ümumi dəyəri isə yarım milyon manat civarındadır.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 26 noyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən “Libra” MMC-dən 117,579,405 manat məbləğində borc tutularaq, iddiaçı “Aqrarkredit” QSC BOKT-a ödənilməsi nəzərdə tutulub. Bakı Kommersiya Məhkəməsinin 12 mart 2024-cü il tarixli qətnaməsinə əsasən borcun ödənilməsi üçün tələb əmlak sahibi tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 90A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilib və həmin əmlakın açıq hərracda satılması qərara alınıb. Əmlakın ilkin satış qiyməti - 120,000,000 manat Bakı Kommersiya Məhkəməsinin həmin tarixli qətnaməsi ilə müəyyən edilib.

Onu da bildirək ki, "Landmark" biznes mərkəzi kiprli iş adamı Sami Efruza məxsus olub. Sami Efruz vəfat etdikdən sonra biznes mərkəzi onun oğlu Eran Müdüroğlu tərəfindən idarə olunub. Mərkəzin rəhbəri də Eran Müdüroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayeva olub. Nərgiz Nəsrullayeva 1996-2001-ci illərdə Azərbaycanın İqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının sədri vəzifəsində işləyən Namiq Nəsrullayevin qızıdır.

Xitab24.az