«Kutsan» Vasif Namazovun doğum günüdür

«Kutsan» Vasif Namazovun doğum günüdür

Aytac Dəniz · Alpaqut ·

Alpaqut Turan döyüş sənətinin qurucusu, Dünya Alpaqut Federasiyasının İdarə heyətinin sədri
Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının Baş katibi (2017–2022), Beynəlxalq Turan Oyunları komitəsinin 1-ci vitse-prezidenti «Kutsan» Vasif Namazovun doğum günüdür.

Namazov Vasif İmran oğlu (rütbəsi Kutsan) 1981-ci ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Sumqayıt Dövlət Texniki Kollecinin mühasibat uçotu və audit fakültəsini, 2020-ci ildə Kalmıkiya Dövlət Universitetinin Bədən Tərbiyəsi fakültəsini bitirib, hazırda dövlət idarəetməsi üzrə magistr təhsili alır. 2000-ci ildən cəbhə bölgəsində hərbi xidmətdə olub; silahlı qüvvələrin Ağdam rayonunda yerləşən № saylı hərbi hissəsində şəxsi heyətə əlbəyaxa döyüş hazırlığı üzrə baş məşqçi təyin edilib. 2002-ci ildə hərbi xidmətini başa vurub.

2007-ci ildən 2010-cu ilədək Dünya Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatının, eləcə də İdman Departamentinin sədri olub. 2013-cü ildə yaradılan və 20-dən çox ictimai birliyi özündə birləşdirən «Gələcəyə Baxış» İctimai Hərəkatının həmtəsisçisi və həmsədri olub. 2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Vasif Namazov 1992-ci ildən idmanın təkbətək döyüş növləri ilə məşğul olmağa başlayıb. 1992–1994-cü illərdə Sumqayıtda Əməkdar Məşqçi Mübariz Bəşirovun rəhbərlik etdiyi boks bölməsində, 1995–1998-ci illərdə Əbülfət Hacızadənin rəhbərlik etdiyi Kyokuşin Karate klubunda məşq edib. Paralel olaraq cüdo və sambo təlimlərində iştirak edib. İlk karate dərəcəsinə Azərbaycan Kyokuşin Karate məktəbinin yaradıcısı, Sosay Masutatsu Oyamanın tələbəsi Sensey Ələddin Mirzəyev tərəfindən layiq görülüb.

Hərbi xidmətdən sonra, 2002-ci ildən Aşihara Karate, Enşin Karate, Tsu Şin Gen, Sayokan və qarışıq döyüş növləri üzrə məşqlərə başlayıb, idman dərəcələrini artırıb. Bu illərdə Sumqayıtda şərq təkbətək döyüş növləri klubunun sədri olub. 2004 və 2006-cı illərdə Tsu Şin Gen Beynəlxalq Döyüş Növləri Assosiasiyasının Rusiya Federasiyasının Naro-Fominsk vilayətində təşkil etdiyi əlbəyaxa döyüş üzrə beynəlxalq seminarda iştirak edib və həmin ildən Kanço David Kukun rəsmi qərarı ilə Tsu Şin Gen Beynəlxalq Assosiasiyasının Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsi təyin olunub.

Vasif Namazov 2008-ci ildən Türk döyüş sənətlərini araşdırmağa başlayıb və 2011-ci ildə onun rəhbərliyi altında Azərbaycanda bir neçə klub birləşərək Türk Döyüş Sənəti Mərkəzinin əsasını qoyub. O, bu mərkəzin tərkibində özünəməxsus bir neçə döyüş sistemi formalaşdırıb. Yeni tətbiq olunan bu sistemlər əsasında Türk döyüş sənətini zənginləşdirmək və vahid konsepsiya halına salmaq qərarına gəlib.

2014-cü ildə onun araşdırmaları sayəsində türk xalqlarının qədimdən bu günə yaşayan döyüş sənətləri incələnərək, türksoylu xalqların qədim döyüş mədəniyyətini əks etdirən, zəngin təlim və imtahan proqramlı, 5 disiplinli yarış qaydaları və özünümüdafiə sistemindən ibarət Alpaqut Turan döyüş sənəti quruldu.

Adı Alpaqut olan bu döyüş sənəti türk xalqlarının döyüş mədəniyyətindən qaynaqlandığı üçün markası Turan Döyüş Sənəti qoyuldu (Turan — türksoylu xalqların vətəni). Bu marka Alpaqutun bütün türksoylu xalqlara məxsus olduğunu göstərmək məqsədi daşıyır.

Vasif Namazov 2014-cü ildən Alpaqut döyüş sənətinin müəllifi və Dünya Alpaqut Federasiyasının İdarə heyətinin sədri kimi beynəlxalq arenada uğurlara imza atıb. 2022-ci il 30 avqust tarixində yenidən Dünya Alpaqut Federasiyasının İdarə heyətinin sədri seçilib. Onun rəhbərliyi altında aşağıdakı beynəlxalq idman təşkilatları tərəfindən Azərbaycan idmanı Alpaqutun simasında tanınıb.

7–8 oktyabr 2017-ci il tarixində Türkiyənin İstanbul şəhərində, Bilal Erdoğanın rəhbərliyi altında keçirilən Beynəlxalq Etnospor Konfederasiyasının təsis qurultayında Vasif Namazov Alpaqut döyüş sənətini təqdim etmiş və Dünya Alpaqut Federasiyasını təmsil etmişdir.

Beynəlxalq təşkilatlarda tanınma
Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası — ICSSPE
24.05.2022 · Berlin
Beynəlxalq «İdman Hamı üçün» Assosiasiyası — TAFISA
07.12.2022 · Düsseldorf
Beynəlxalq Ədalətli Oyunlar Komitəsi — FairPlay
10.05.2023 · Paris
Beynəlxalq İdman Şəbəkəsi Təşkilatı — ISNO
26.11.2023 · Bern
Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatına qeydiyyat

Rəhbər fəaliyyəti
Vasif Namazov Alpaqut üzrə keçirilən bütün beynəlxalq yarışların təşkilat komitəsinin rəhbəri və baş hakimi, beynəlxalq seminarların isə baş təlimatçısı olub.