Dünya Alpaqut Federasiyasının Türkiyə nümayəndəliyinin təşkil etdiyi Türkiyə Alpaqut Çempionatı Ankaranın Keçiören rayonundakı Taha Akgül İdman Kompleksində uğurla başa çatıb. Keçiören Bələdiyyəsinin ev sahibliyi etdiyi yarış 30 iyul–2 avqust 2026-cı il tarixlərində keçirilib.
Redaksiya xəbər verir ki, dörd gün davam edən çempionatda Türkiyənin 14 vilayətini təmsil edən 39 idman klubundan 601 idmançı mübarizə aparıb. Turnirdə 71 məşqçi və 42 hakim iştirak edib. Yarışlar Alpaqut döyüş sənətinin müxtəlif sistemləri üzrə təşkil olunub.
Çempionatın açılış mərasimində Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin sədri Kutsan Vasif Namazov çıxış edib. O, Alpaqutun Türk dünyasının ortaq mədəni irsi olduğunu, idman növünün beynəlxalq miqyasda inkişaf etdiyini və Türkiyənin bu prosesdə mühüm rol oynadığını bildirib.
Keçiören Bələdiyyəsinin Gənclər və İdman Xidmətləri müdiri Erhan Cihangiroğlu belə bir milli yarışa ev sahibliyi etməkdən məmnunluq duyduqlarını deyib. Dünya Alpaqut Federasiyasının Türkiyə üzrə rəsmi nümayəndəsi və rəhbəri Metin Karadeniz isə Alpaqutun ölkədə qısa müddətdə böyük inkişaf yolu keçdiyini, klub və idmançıların hər il daha güclü turnirlərdə bir araya gəldiyini vurğulayıb.
Yarışlar uşaqlar, yeniyetmələr, gənclər və böyüklər kateqoriyalarında keçirilib. Müsabiqələrdə yüksək texniki hazırlıqla yanaşı, dostluq, intizam, qarşılıqlı hörmət və ədalətli oyun prinsiplərinin ön plana çıxdığı bildirilib.
Türkiyə Alpaqut Çempionatı il ərzində bu ölkədə keçirilməsi planlaşdırılan Dünya Alpaqut Çempionatı öncəsi əsas milli yarışlardan biri kimi qiymətləndirilib. Turnirdə göstərilən nəticələrin beynəlxalq yarışlarda iştirak edəcək idmançıların hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıdığı qeyd olunub.
Metin Karadeniz yarışa ev sahibliyi edən Keçiören Bələdiyyəsinin sədri Mesut Özarslana, onun komandasına və Keçiören Bələdiyyəsinin İdman İşləri müdiri Erhan Cihangiroğluya Alpaqut ictimaiyyəti adından təşəkkür edib. O, həmçinin klub rəhbərlərini, məşqçiləri, idmançıları, hakimləri və federasiya rəhbərliyini təbrik edib.
