Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba ABŞ-da olmasına baxmayaraq, daimi yaşayış yerinin Ukrayna olduğunu və ölkəsindən köçmək niyyətində olmadığını bildirib. O, bu barədə Ukrayna mediasına müsahibəsində danışıb.
Redaksiya məlumat verir ki, Kuleba Xarici İşlər Nazirliyindəki fəaliyyətinin başa çatmasından sonra həyatını Ukraynada davam etdirmək qərarını hələ vəzifədə olarkən verdiyini açıqlayıb.
“Mənim mövqeyim hələ prezidentin yanına gedərkən formalaşmışdı. Artıq çağırıldığımı başa düşürdüm və əvvəllər də düşündüyüm qərarı qəbul etdim: nazirlikdəki fəaliyyətim başa çatanda Ukraynada yaşayacağam. Heç yerə getməyəcəyəm”, – deyə sabiq nazir bildirib.
Kuleba ona ABŞ-ın Harvard Universitetinə köçmək, orada yaşamaq və dərs demək təklifinin edildiyini də açıqlayıb. Lakin bu imkanın Ukraynada yaşamaq barədə qərarını dəyişmədiyini vurğulayıb.
Müsahibə zamanı jurnalist Kulebanın hazırda ABŞ-da olduğunu xatırladaraq onun açıqlaması ilə faktiki yerləşdiyi yer arasındakı fərqə diqqət çəkib.
Sabiq nazir isə mövqeyini təkrarlayıb: “Mən sizə deyirəm: mənim mövqeyim budur ki, Ukraynada yaşayıram”.
Kuleba ABŞ-da olmasının səbəbi və ölkəyə nə vaxt qayıdacağı barədə təqdim olunan açıqlamada əlavə məlumat verməyib.
