2004-cü ildə orbitə buraxılan və ölçüsünə görə böyük avtomobilə bərabər olan Swift kosmik rəsədxanası nəhəng ulduzların ölümü nəticəsində baş verən son dərəcə yüksək enerjili partlayışları – qamma-şüa partlayışlarını müşahidə edir.
Redaksiya.az TRT HABER-ə istinadən məlumat verir və, ilk buraxıldığı zaman təxminən 600 kilometr hündürlükdə orbitdə fəaliyyət göstərən teleskop Günəş fəallığının artması nəticəsində Yer atmosferinin genişlənməsi səbəbindən hava müqaviməti ilə üzləşib.
Bu müqavimət teleskopun sürətini azaldıb və xüsusilə son iki ildə onun orbiti sürətlə alçalaraq təxminən 360 kilometr hündürlüyə enib.
Alimlər hesab edirlər ki, kainatın ilkin dövrlərinin öyrənilməsi üçün böyük əhəmiyyət daşıyan Swift teleskopu orbitdə saxlanılmalı, atmosferə daxil olaraq yanmamalıdır.
Teleskopun xilas edilməsi missiyasını Arizona ştatında fəaliyyət göstərən gənc mühəndislik şirkəti Katalyst Space Technologies öz üzərinə götürüb.
Əməliyyatın ən kritik mərhələsi LINK adlı kosmik aparatın üç robot qolunu açaraq Swift teleskopunu tutması olacaq.
Əgər birləşmə uğurla baş tutarsa, LINK kiçik mühərriklərini işə salacaq və iki-üç ay davam edəcək dəqiq manevrlərlə teleskopun orbitini yenidən təhlükəsiz hündürlüyə qaldıracaq.
Beləliklə, hər iki kosmik aparat hazırda olduqları 360 kilometr yüksəklikdən Swift teleskopunun əvvəlki 600 kilometrlik orbitinə təhlükəsiz şəkildə çatdırılacaq.
Missiya tam uğurla nəticələnsə, bu tarixi əməliyyat gələcəkdə Hubble Kosmik Teleskopu kimi daha böyük və məşhur kosmik aparatların da robotlar vasitəsilə xilas edilməsi üçün yeni bir dövrün başlanğıcı olacaq.
Mühəndislər bildirirlər ki, teleskopun xilasının mümkünsüz olacağı 300 kilometrlik kritik həddə çatmamış cəmi 8 ay ərzində LINK kosmik aparatını layihələndirib istehsal ediblər.
Təxminən bir soyuducu ölçüsündə olan üçqollu robot aparat kameralar, naviqasiya sistemləri və kiçik reaktiv mühərriklərlə təchiz olunub.
Yaxın həftələrdə sistemlərini mərhələli şəkildə aktivləşdirəcək LINK orbiti daim dəyişən Swift teleskopuna yaxınlaşaraq onu müxtəlif bucaqlardan görüntüləyəcək.
Swift teleskopu kosmosda başqa bir aparat tərəfindən tutulmaq üçün layihələndirilmədiyindən, yaxınlaşma və birləşmə prosesi son dərəcə ehtiyatla, yavaş və yüksək dəqiqliklə həyata keçiriləcək.
