Apple kritik təhlükəsizlik boşluğuna görə yeni yeniləmələr yayımlayıb

Apple kritik təhlükəsizlik boşluğuna görə yeni yeniləmələr yayımlayıb

Fərid Əlizadə · Media ·

Apple şirkəti iPhone, iPad və Mac cihazlarında aşkar edilmiş kritik təhlükəsizlik boşluğunu aradan qaldırmaq üçün əlavə proqram yeniləmələri yayımlayıb. CVE-2026-86950 kodlu boşluğun hədəfli kiberhücumlarda istifadə edilmiş ola biləcəyi bildirilir. Bu barədə Apple rəsmi təhlükəsizlik bülletenində məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, təhlükəsizlik problemi Apple əməliyyat sistemlərinin CoreGraphics komponentində aşkarlanıb. Boşluq yaddaş sərhədlərindən kənara məlumat yazılması (Out-of-Bounds Write) ilə əlaqədardır.

Şirkətin açıqlamasına görə, xüsusi hazırlanmış zərərli faylın emal edilməsi cihazda ixtiyari proqram kodunun icrasına səbəb ola bilər. Bu isə hücumçulara müəyyən şəraitdə cihazın təhlükəsizliyini pozmaq imkanı yarada bilər.

Apple bildirib ki, sözügedən boşluğun iOS 27-dən əvvəlki versiyalarda konkret şəxsləri hədəf alan son dərəcə mürəkkəb kiberhücumlarda istismar edilmiş ola biləcəyinə dair məlumat əldə edib.

CVE-2026-86950 kodlu zəifliyin aradan qaldırılması üçün yaddaş sərhədlərinin yoxlanılması mexanizmləri təkmilləşdirilib. Təhlükəsizlik probleminin aşkarlanmasında Meta Product Security komandasının adı qeyd olunur.

Məlumata əsasən, Apple aşağıdakı proqram versiyaları üçün təhlükəsizlik düzəlişləri təqdim edib:

- iOS 18.7.11 və iPadOS 18.7.11;

- iOS və iPadOS 26.7.1;

- macOS Sequoia 15.8.1;

- macOS Tahoe 26.7.1.

Apple-ın rəsmi təhlükəsizlik bülletenində iOS 18.7.11 və iPadOS 18.7.11 yeniləmələrinin oktyabrın 26-da istifadəyə verildiyi göstərilir.

Şirkət bu yeniləmələrdə CoreGraphics boşluğu ilə yanaşı, digər təhlükəsizlik problemlərinin də aradan qaldırıldığını açıqlayıb. Onlardan biri tətbiqlərin həssas istifadəçi məlumatlarını sızdıra bilməsi, digəri isə zərərli tətbiqin istifadəçinin icazəsi olmadan kameraya giriş əldə etməsi ilə bağlıdır.

Təhlükəsizlik mütəxəssisləri baxımından CVE-2026-86950 boşluğunun əsas təhlükəsi zərərli fayl vasitəsilə cihazda kod icrasına imkan yaratmasıdır. Bununla belə, Apple bu hücumların genişmiqyaslı şəkildə həyata keçirildiyini təsdiqləmir.

İstifadəçilərə cihazlarının əməliyyat sistemlərini yeniləmək və mövcud təhlükəsizlik düzəlişlərini quraşdırmaq tövsiyə olunur.

Apple-ın təhlükəsizlik yeniləmələri barədə ətraflı məlumatı şirkətin rəsmi saytından əldə etmək mümkündür: