Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) bu gün yeni prezidentini seçmək üçün səsverməyə gedib. Seçicilər bülletendə yer alan yeddi namizəddən birinə səs verə biləcəklər.
Redaksiya xəbər verir ki, hazırkı prezident Ersin Tatar seçkilərə müstəqil namizəd kimi qatılıb. Ana müxalifətdəki Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri Tufan Erhürman isə partiyasının rəsmi namizədidir. İlk turda Mehmet Hasgüler, Arif Salih Kırdağ, Ahmet Boran və İbrahim Yazıcı müstəqil, Osman Zorba isə Kipr Sosialist Partiyasının namizədi kimi yarışacaq. Müstəqil namizəd Hüseyn Gürlek isə Tatarın xeyrinə namizədliyini geri götürüb.
Səsvermənin birinci turunda namizədlərdən biri 50 faizdən çox səs toplayarsa, prezident seçilmiş sayılacaq. Heç bir namizəd bu nəticəni əldə etməzsə, ən çox səs toplayan iki namizəd yeddi gün sonra keçiriləcək ikinci tura vəsiqə qazanacaq. İkinci turda ən çox səs alan şəxs prezident olacaq.
Seçicilərin favoritləri sayılan Tatar və Erhürman arasında seçim, Kipr probleminin gələcəyi baxımından da müəyyənedici olacaq. Tatar BMT tərəfindən təsdiqlənmiş federativ modelin artıq “iflas etdiyini” bildirərək, adada suveren bərabərlik prinsipi əsasında iki dövlətli həllin vacibliyini müdafiə edir. Ankara da bu mövqeyi dəstəkləyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı demişdi: “Kipr məsələsinin həlli tükənmiş federasiya modeli üzərindən mümkün deyil. Adada iki dövlət və iki xalq mövcuddur.”
Tatarın rəqibi Tufan Erhürman isə iki dövlətli həllin gerçəkçi olmadığını, bunun Kipr türklərinin təcridini dərinləşdirdiyini vurğulayır. Onun fikrincə, Kiprin gələcəyi üçün yeganə real yol federativ birgəyaşayışdır.
Şimali Kipr Türk Cümhuriyyəti 1983-cü ildə birtərəfli şəkildə müstəqilliyini elan edib və bu müstəqilliyi tanıyan yeganə dövlət Türkiyədir. Hazırda Kiprdə təxminən 35 min türk əsgəri yerləşdirilib.
Federasiyanın “Rumlarla masa arxasına oturmaq” və türk əsgərinin adanı tərk etməsi anlamına gəldiyini bildirən Tatar deyib: “Bizim bütün varlığımız Türkiyənin buradakı mövcudluğuna bağlıdır.” O, müxalifəti xarici təsirlər altında olmaqda günahlandırıb və “İsrail və Yunanıstan mənim prezident olmağımı istəmir, çünki mən Türkiyə ilə birlikdə onların oyunlarını pozuram,” – sözlərini əlavə edib.
Bu gün keçirilən seçkilər həm də Tatarı dəstəkləyən koalisiya hökuməti üçün bir etimad sınağı kimi dəyərləndirilir. Müxalifətin, Tatarın seçkilərdə məğlub olması halında erkən seçki çağırışı edəcəyi gözlənilir.
Yüksək inflyasiya, səhiyyə və təhsil sahəsindəki çatışmazlıqlar seçicilərin əsas narazılıq mövzuları arasında yer alır. Müxalifət isə cəmiyyətdə “çözülməzlikdən doğan yorğunluq və ümidsizlik” hissinin artdığını vurğulayır.
