Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefaya hazırlaşdığı iddia olunur. Bu barədə Daily Mail məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Starmer yaxın çevrəsinə vəzifədən “öz şərtləri ilə və şərəfli şəkildə” ayrılmaq istədiyini bildirib.
Məlumata görə, Britaniya baş naziri hökumət daxilində artan siyasi təzyiq və qeyri-sabitliyin uzun müddət davam edə bilməyəcəyini düşünür. Bununla belə, istefa ilə bağlı yekun qərarın hələ verilmədiyi qeyd olunur.
İddialara əsasən, qərara yaxın aylarda keçiriləcək seçkilərin nəticələri təsir göstərə bilər. Starmerin müşavirlərinin ona siyasi vəziyyəti izləməyi və seçki nəticələrini gözləməyi tövsiyə etdiyi bildirilir.
Britaniya siyasi dairələrində isə ehtiyat edilir ki, əgər Starmer seçkilərdən sonra istefa versə, bu addım şəxsi qərardan çox daxili siyasi təzyiqlərin nəticəsi kimi görünə bilər.
Baş nazirlik ofisi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
