ABŞ-da keçmiş FBI direktoru Ceyms Komiyə qarşı həbs orderi verilib və o, prezident Donald Trampı təhdid etmək ittihamı ilə federal məhkəməyə çıxarılıb.
Redaksiya ABŞ Ədliyyə Nazirliyi, Reuters və AP-yə istinadla xəbər verir ki, Komi 2025-ci ildə sosial şəbəkədə paylaşdığı “86 47” yazılı dəniz qabıqları fotosuna görə iki maddə ilə ittiham olunur. Prokurorlar bu paylaşımı ABŞ prezidentinə qarşı təhdid kimi qiymətləndirirlər.
İttiham aktına görə, Komi ABŞ prezidentinin həyatına və sağlamlığına zərər vurmaqla hədələməkdə, həmçinin ştatlararası kommunikasiya vasitəsilə təhdid xarakterli mesaj ötürməkdə ittiham edilir. Əgər təqsirli bilinərsə, onu 10 ilə qədər həbs cəzası gözləyə bilər.
Məsələ 2025-ci ilin mayında Kominin Instagram-da paylaşdığı fotodan başlayıb. Fotoda dəniz qabıqları ilə “86 47” rəqəmləri düzülmüşdü. ABŞ siyasi leksikonunda “86” ifadəsi bəzən kimisə aradan götürmək və ya uzaqlaşdırmaq mənasında işlənir, “47” isə Trampın ABŞ-ın 47-ci prezidenti olmasına işarə kimi yozulub.
Komi isə ittihamları rədd edir. O bildirib ki, paylaşımı siyasi mesaj kimi qəbul edib və zorakılığa çağırış niyyəti olmayıb. Keçmiş FTB direktoru fotonun yanlış anlaşıla biləcəyini gördükdən sonra onu sildiyini deyib.
AP-nin məlumatına görə, Komi Virciniyada federal məhkəməyə çıxıb və sərbəst buraxılıb. Onun vəkilləri ittihamların siyasi motivli və Konstitusiyanın söz azadlığı ilə bağlı Birinci düzəlişinə zidd olduğunu iddia etməyə hazırlaşırlar.
Hüquq ekspertləri işin prokurorluq üçün çətin olacağını bildirirlər. Onların fikrincə, hökumət Kominin paylaşımının sadəcə kobud siyasi ifadə yox, real və ciddi təhdid olduğunu, həmçinin Kominin bunu bilərəkdən etdiyini sübut etməlidir.
Bu, Komiyə qarşı son bir ildə ikinci federal ittihamdır. Daha əvvəl ona qarşı Konqres ifadələri ilə bağlı iş açılmış, lakin həmin iş prokuror təyinatı ilə bağlı hüquqi problemlər səbəbindən rədd edilmişdi.
Komi 2013-2017-ci illərdə FTB direktoru olub və Tramp tərəfindən vəzifədən azad edilib. O vaxtdan bəri Komi Trampın ən tanınmış tənqidçilərindən biri kimi çıxış edir.
Yeni ittiham Vaşinqtonda hüquq və siyasət sərhədləri ilə bağlı mübahisəni daha da gücləndirib. Tramp administrasiyası bunu prezidentə qarşı təhdidlərin ciddiyə alınması kimi təqdim edir, tənqidçilər isə işi siyasi rəqiblərə qarşı hüquqi təzyiq nümunəsi sayırlar.
