Kathimerini: Yeni müdafiə ittifaqı Yunanıstanın planlarına təsir edəcək

Kathimerini: Yeni müdafiə ittifaqı Yunanıstanın planlarına təsir edəcək

Könül Məmmədova · Media ·

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yaradılan yeni müdafiə ittifaqının Yunanıstanın regional planlarına birbaşa təsir göstərə biləcəyi bildirilir. Afina Hindistanı Körfəz və İsrail üzərindən Avropaya birləşdirməsi planlaşdırılan IMEC dəhlizinin Avropadakı əsas giriş nöqtələrindən birinə çevrilməyi hədəfləyir. Bu barədə Yunanıstanın Kathimerini qəzeti məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, qəzet Səudiyyə Ərəbistanının IMEC layihəsində mərkəzi mövqeyə malik olduğunu vurğulayır. Səudiyyə Ərəbistanının Türkiyə və Hindistanın əsas hərbi rəqiblərindən biri olan Pakistanla qarşılıqlı müdafiə ittifaqı yaratması regionda yeni geosiyasi vəziyyət formalaşdırıb.

Kathimerini hesab edir ki, yeni müdafiə arxitekturası IMEC layihəsinin gələcəyinə də təsir göstərə bilər. Qəzet layihənin illərdir Yunanıstan üçün strateji əhəmiyyət daşıyan, lakin indiyədək reallaşdırılmayan EastMed layihəsinin taleyini yaşaya biləcəyini istisna etmir.

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan avqustun 7-də Məkkə Birgə Müdafiə Sazişini imzalayıblar. Razılaşmaya əsasən, tərəflərdən birinə edilən hücum hər üç ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək.

TRT World-un məlumatına görə, sazişə Körfəz regionundan dəstək də artır. Qətər üçtərəfli müdafiə razılaşmasını alqışladığını bildirib və regional təhlükəsizliyin bölgə ölkələri arasında əməkdaşlıq yolu ilə gücləndirilməsinin vacibliyini vurğulayıb.