Kanadanın Baş naziri Mark Karni beynəlxalq düzənin yenidən qurulacağına inandığını bildirib. O qeyd edib ki, formalaşacaq yeni sistemdə Avropanın rolu əsas olacaq.
Redaksiya ABC News və The Guardian-a istinadla xəbər verir ki, Karni bu açıqlamanı İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitində verib. Kanada lideri bildirib ki, dünya texnologiya, enerji, ticarət və geopolitika sahələrində ciddi dönüş mərhələsindən keçir.
Karninin sözlərinə görə, Kanada və Avropa daha qapalı, sərt və yalnız maraqlar üzərində qurulan dünya nizamına tabe olmaq məcburiyyətində deyil. O, həmfikir ölkələrin mövcud reallıqlara uyğun şəkildə daha güclü əməkdaşlıq qurmalı olduğunu vurğulayıb.
Kanada Baş naziri ölkəsinin Avropa ilə əlaqələri dərinləşdirmək istədiyini bildirib. Onun sözlərinə görə, Ukrayna, Baltik regionu, Qafqaz və ümumilikdə Avropa təhlükəsizliyi məsələlərində əməkdaşlıq yeni beynəlxalq düzənin əsas dayaqlarından biri olacaq.
