Kamboca ilə Tayland arasında artan gərginlik fonunda yaxın günlərdə iki ölkənin ali səviyyədə sülh danışıqlarına başlayacağı açıqlanıb.
Redaksiya xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio məlumat verib. Onun sözlərinə görə, danışıqlar Malayziyada keçiriləcək və əsas mövzu atəşkəsin təmin olunması olacaq.
Rubio bildirib ki, ABŞ Dövlət Departamentinin nümayəndələri artıq Malayziyada yerləşir və danışıqların sülh şəraitində aparılmasına vasitəçilik edir.
Qeyd olunur ki, həm Marko Rubio, həm də ABŞ Prezidenti Donald Tramp Kamboca və Tayland rəhbərləri ilə aktiv təmasda qalır və bölgədəki vəziyyəti diqqətlə izləyir.
Xatırladaq ki, daha əvvəl Prezident Tramp Kamboca və Tayland arasında dərhal atəşkəs elan olunmasını tələb etmişdi. Taylandın baş nazirinin səlahiyyətlərini icra edən şəxs isə cavabında bildirib ki, tay hərbçiləri vətəndaşların təhlükəsizliyi təmin edilənə qədər öz tapşırıqlarını yerinə yetirməyə davam edəcəklər. O eyni zamanda Taylandın üçüncü ölkələrin müdaxiləsini istəmədiyini, lakin Trampa göstərdiyi diqqətə görə təşəkkür etdiyini qeyd edib.
Sevinc Kərimova
