İtaliyanın Baş naziri Corca Meloni İsrail naziri İtamar Ben-Qvirin “Sumud” humanitar donanmasının saxlanılan fəalları ilə bağlı yaydığı görüntüləri qəbuledilməz adlandırıb.
Redaksiya xəbər verir ki, görüntülərdə Qəzzaya doğru hərəkət edən və İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılan “Sumud” donanmasının fəalları Aşdod limanında diz çökdürülmüş halda görünür.
Kadrlarda fəalların əllərinin arxadan bağlandığı, başlarının aşağı salındığı, Ben-Qvirin isə İsrail bayrağı ilə onların arasında gəzdiyi və ivrit dilində “İsrailə xoş gəlmisiniz, burada biz sahibik” dediyi bildirilir.
Ben-Qvir paylaşımında fəalları “terror tərəfdarları” adlandırıb.
Meloni bildirib ki, nümayişçilərlə, xüsusilə onların arasında İtaliya vətəndaşları olduğu halda, bu cür davranış qəbuledilməzdir.
İtaliya hökuməti saxlanılan vətəndaşlarının azadlığa buraxılması üçün təcili addımlar atır. Roma həmçinin İsrail səfirini rəsmi izahat üçün çağırmağı planlaşdırır.
