Tanınmış israilli yazıçı və sülh fəalı David Qrossman ölkəsinin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları “soyqırımı” adlandırıb. Onun sözlərinə görə, uzun illər bu ifadəni işlətməməyə çalışsa da, artıq gördüyü və eşitdiyi faktlardan sonra bu termini səsləndirməkdən çəkinmir.
Redaksiya xəbər verir ki, Qrossman bu barədə İtaliyanın “La Repubblica” nəşrinə verdiyi müsahibəsində danışıb və bu haqda The Guardian nəşri məlumat yayıb. O bildirib ki, “İsrail” və “soyqırımı” sözlərinin eyni cümlədə işlədilməsi belə ölkədə ciddi şəkildə nəyinsə yanlış getdiyini göstərir: “İllərlə bu sözü dilimə gətirmədim. Amma indi bunu görməməzlikdən gələ bilmirəm. Bu ifadə sanki uçurum kimidir – səsləndikdən sonra getdikcə böyüyür və daha çox dağıntı gətirir”.
Yazıçı deyib ki, Qəzzada yaşanan aclıq və səfalət, İsrailin öz tarixi keçmişindən öyrəndiyi dərslərlə ziddiyyət təşkil edir. Onun sözlərinə görə, bu vəziyyət həm insani, həm də əxlaqi baxımdan İsrail cəmiyyətinə ciddi zərbə vurur: “İsrailin tarix boyu insan əzabına həssaslıq iddiası ilə çıxış etməsi ilə bu gün Qəzzada baş verənlər bir-birinə tamamilə ziddir. Bu isə dəhşətlidir”.
Qrossman İsrailin işğal siyasətinin ölkəyə mənfi təsirindən də danışıb. O qeyd edib ki, 1967-ci ildən bəri davam edən işğal İsrail cəmiyyətini zədələyib və ölkəni tədricən mənəvi dəyərlərdən uzaqlaşdırıb: “İşğal bizi pozdu. Məhz bu prosesin nəticəsində gücə aludə olduq və istədiyimizi edə biləcəyimizə inandıq”.
Yazıçı, həmçinin Fransa və Böyük Britaniyanın Fələstin dövlətini tanımaq niyyətinə də münasibət bildirib. Onun fikrincə, bu addım sülh prosesinə töhfə verə bilər və daha aydın öhdəlikləri olan bir tərəfdaşla danışıqlar aparmaq imkanını yaradacaq: “Bəlkə də real dövlətlə masaya oturmaq qeyri-müəyyən idarəetməyə malik qurumla danışıqlardan daha faydalı olacaq. Amma şərtlər dəqiq və ciddi olmalıdır”.
David Qrossman, bütün çətinliklərə baxmayaraq, iki dövlətli həll modelinə sadiq olduğunu vurğulayıb və əlavə edib ki, bu yeganə real çıxış yoludur: “Bu yol çətindir. Amma həm biz, həm də fələstinlilər siyasi yetkinlik nümayiş etdirməliyik. Başqa plan yoxdur”.
Sevinc Kərimova
