İsrailin “Israel Hayom” nəşrində dərc olunan məqalədə israilli təhlükəsizlik analitiki Şay Qal Türkiyənin nəzarətində olan Şimali Kipri İsrail üçün artan milli təhlükəsizlik təhdidi adlandırıb.
Redaksiya xəbər verir ki, Qal İsrailin Yunanıstan və Kipr Respublikası ilə birgə hərbi əməliyyata hazırlaşmalı olduğunu deyib. Analitik iddia edir ki, Şimali Kipr Türkiyə və HƏMAS kimi İsrailə düşmən qüvvələr üçün qanunsuz hərbi mərkəzə çevrilib. Onun sözlərinə görə, bölgədə yerləşdirilən Türkiyəyə məxsus elektron müharibə sistemləri, kiberkəşfiyyat qurğuları və müşahidə infrastrukturunun İsrailin mülki və hərbi rabitəsini izləmək gücü var.
Qal həmçinin bildirib ki, Lefkonikoda yerləşən türk hücum dronları İsrailin qaz platformalarına və strateji hədəflərinə zərbə endirə bilər. Kirenya və Famaqustada isə ballistik “Tayfun” raket sistemlərinin yerləşdirildiyi və onların birbaşa İsrail ərazisini hədəfə ala biləcəyi qeyd olunub.
Məqalədə vurğulanır ki, əgər bu təhdidlər davam edərsə, İsrail hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq, kəşfiyyat mərkəzlərini zərərsizləşdirmək və Türkiyə hərbi varlığını bölgədən çıxarmaq üçün hərbi əməliyyata başlamalıdır.
Şay Qal iddia edir ki, bu addımlar yalnız beynəlxalq birlik tərəfindən tanınan Kipr Respublikasının suverenliyini bərpa etmək məqsədi daşıyır.
Sevinc Kərimova
