İsraildə hökuməti formalaşdırmaq mandatı alan Qadi Ayzenkotun rəhbərlik etdiyi “Yaşar” partiyası ilə müvəqqəti Baş nazir Benyamin Netanyahunun lideri olduğu “Likud” partiyası arasında milli birlik hökumətinin yaradılması ilə bağlı ilk danışıqlar nəticəsiz başa çatıb. Bu barədə İsrailin “Yedioth Ahronoth” nəşri məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, noyabrın 15-də Herzliya şəhərində keçirilən görüş təxminən 75 dəqiqə davam edib. Danışıqlarda hər iki partiyanın nümayəndələri, həmçinin keçmiş Baş nazir Naftali Bennettin siyasi müşaviri iştirak edib.
Tərəflər arasında əsas fikir ayrılığı yeni hökumətə kimin rəhbərlik edəcəyi və koalisiyaya hansı partiyaların daxil olacağı ilə bağlıdır. Həm Ayzenkot, həm də Netanyahu baş nazir postuna iddialarından geri çəkilməyiblər.
Görüşdən sonra yayılan birgə açıqlamada danışıqların işgüzar şəraitdə keçdiyi və dialoqun davam etdiriləcəyi bildirilib. Bununla belə, tərəflər arasında konkret razılaşma əldə olunmayıb.
Qeyd edək ki, İsrail Prezidenti İshaq Hersoq noyabrın 8-də Qadi Ayzenkota yeni hökuməti formalaşdırmaq mandatı verib. Ayzenkotun dekabrın 6-dək koalisiya hökuməti yaratmaq üçün vaxtı var. Zərurət yaranarsa, bu müddət daha 14 gün uzadıla bilər.
