Fransada prezidentliyə namizəd Marin Le Pen ölkə Prezidenti Emmanuel Makronun siyasətini sərt tənqid edərək Fransanın ciddi problemlərlə üzləşdiyini bildirib. O, Makronun ölkəni öz varisinə ağır iqtisadi və sosial vəziyyətdə təhvil verəcəyini iddia edib.
Redaksiya xəbər verir ki, Fransa Milli Assambleyasındakı parlament fraksiyasının rəhbəri Marin Le Pen dövlət büdcəsinin vəziyyətindən narahatlığını ifadə edərək mövcud problemlərə görə Makron administrasiyasını məsuliyyət daşımaqda ittiham edib.
“Emmanuel Makronun ölkəni öz varisinə hansı vəziyyətdə qoyacağını görürsünüz. O, ölkəni əsl xarabalığa, o cümlədən büdcə baxımından xarabalığa çevrilmiş vəziyyətdə təhvil verəcək”, – deyə Le Pen bildirib.
Siyasətçinin sözlərinə görə, Fransada səhiyyə, təhlükəsizlik, təhsil və tikinti sahələri ciddi problemlərlə üzləşib. O, mövcud vəziyyətdən çıxmaq üçün fərqli siyasi qərarların qəbul edilməsinin vacibliyini vurğulayıb.
Le Pen ölkənin idarəetmə sistemində köklü dəyişikliklərin həyata keçirilməsi üçün siyasi iradə və cəsarət nümayiş etdirilməli olduğunu qeyd edib.
“Cəsarət toplamaq və başqa siyasi qərarları həyata keçirmək lazımdır. Məhz 1958-ci ildə belə edilmişdi. Həmin dövrdə həqiqətən işləyən bir sistemi yenidən qurmaq mümkün olmuşdu”, – deyə o bildirib.
Marin Le Pen bu tarixi nümunəyə istinad edərək Fransanın mövcud problemlərinin həlli üçün siyasi və idarəetmə yanaşmalarının dəyişdirilməsinə çağırıb.
