İranın hava hücumundan müdafiə sistemləri Hörmüz boğazının girişində yerləşən Qeşm adası üzərində aktivləşdirilib.
Redaksiya Tasnim agentliyinə istinadla xəbər verir ki, buna səbəb kiçik pilotsuz uçuş aparatları və “düşmən hədəflərin” aşkar olunması olub.
Məlumata görə, İran qüvvələri bölgədə hava məkanına nəzarəti gücləndirib və mümkün təhlükələrə qarşı cavab rejiminə keçib. Hələlik hansı hədəflərin izlənildiyi və ya zərərsizləşdirildiyi barədə rəsmi detal açıqlanmayıb.
Qeşm adası Hörmüz boğazının strateji giriş nöqtələrindən biri hesab olunur. Dünyadakı neft daşımalarının mühüm hissəsi bu marşrut üzərindən həyata keçirilir.
Hadisə ABŞ, İran və Körfəz ölkələri arasında gərginliyin artdığı dövrə təsadüf edir. Son həftələrdə bölgədə dron fəaliyyəti, hərbi hazırlıq və enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar daha da yüksəlib.
