Birləşmiş Ştatlar və bir sıra ərəb ölkələri İranın regionda həyata keçirdiyi ballistik raket və pilotsuz təyyarə hücumlarını qətiyyətlə pisləyiblər. Bu hücumlar bir sıra suveren dövlətlərin ərazilərinə qarşı yönəldilib və mülki əhalinin təhlükəsizliyini təhdid edib.
Redaksiya məlumat verir ki, Birləşmiş Ştatlar, Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirlikləri birgə bəyanatla çıxış edərək, İran İslam Respublikasının regionda həyata keçirdiyi pilotsuz təyyarə və raket hücumlarını qınayıblar. Bu hücumlar Bəhreyn, İraq (İraq Kürdüstani Regionu daxil olmaqla), İordaniya, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərinin suveren ərazilərinə qarşı yönəldilib.
Bəyanatda qeyd olunur ki, bu hücumlar mülki əhalinin həyatını təhlükəyə atıb və mülki infrastrukturə ziyan vurub. İranın bu hərəkətləri bir sıra dövlətlərin suverenliyini pozan və regional sabitliyi təhdid edən təhlükəli eskalasiya kimi qiymətləndirilib. Müharibə aparmayan ölkələrə və mülki şəxslərə qarşı yönəldilən hücumlar qeyri-məsuliyyətli və sabitliyi pozan davranış kimi xarakterizə olunub.
Birləşmiş Ştatlar və tərəfdaş ölkələr öz vətəndaşlarının, suverenliklərinin və ərazilərinin müdafiəsində birlik nümayiş etdiriblər. Onlar bu cür hücumlar qarşısında özünümüdafiə hüququnu bir daha təsdiqləyiblər. Regionda təhlükəsizliyə sadiq qaldıqlarını bildirən ölkələr, daha böyük itkilərin və dağıntıların qarşısını almış effektiv hava və raket müdafiəsi əməkdaşlığını təqdir ediblər.
