İranda hökumət əleyhinə etirazlar ölkənin iri şəhər və qəsəbələrini əhatə edib, hakimiyyət isə aksiyalara qarşı sərt tədbirlər görür. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində çoxsaylı itkilərin olduğu bildirilir və vəziyyət beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Redaksiya BBC News-a istinadla xəbər verir ki, ABŞ-də yerləşən insan haqları təşkilatı Hrana etirazlar başlayandan bəri İranda təxminən beş yüzə yaxın etirazçının öldürüldüyünü açıqlayıb. Digər fəallar isə real rəqəmin bundan xeyli yüksək ola biləcəyini bildirirlər.
Məlumata görə, hökumətin tətbiq etdiyi internet məhdudiyyətlərinə baxmayaraq, Tehrandakı meyitxanalardan çəkildiyi ehtimal edilən videolar yayılıb. Kadrlarda sıra ilə düzülmüş çoxsaylı cəsədlər görünür.
BBC Verify yayılan görüntüləri araşdırıb və videoların etirazların davam etdiyi günlərdə çəkildiyini ehtimal edir. Rəsmi qurumlar isə ölənlərin sayı və yayılan görüntülərlə bağlı hələlik ətraflı açıqlama verməyib.
