İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibi Antoniu Quterreşə, Təhlükəsizlik Şurasının üzvlərinə və Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas-a rəsmi məktub ünvanlayıb.
Redaksiya xəbər verir ki, məktubda Əraqçi İranla bağlı BMT Təhlükəsizlik Şurasının sanksiyalarının bərpasına qarşı tutarlı hüquqi və siyasi arqumentlər təqdim edib. Nazir sosial şəbəkə “X”də paylaşım edərək sənədin əsas tezislərini açıqlayıb.
Onun sözlərinə görə, Böyük Britaniya, Almaniya və Fransa — yəni Avropanın “E3” adlanan ölkələri — nüvə sazişi çərçivəsində etdikləri bəyanatlar və atdıqları addımlarla artıq razılaşmanın tərəfdaş statusunu itiriblər və bu səbəbdən ləğv edilmiş qətnamələrin bərpasını tələb etmək hüququna malik deyillər.
Əraqçi E3-ü ABŞ-ın İrana qarşı “maksimum təzyiq” siyasətini dəstəkləməkdə və hərbi təcavüzə dolayı yolla şərik olmaqda ittiham edib. Onun fikrincə, bu kimi fəaliyyətləri olan bir qurumun “xoşniyyətlilik”dən danışmağa haqqı yoxdur.
Nazir eyni zamanda xatırladıb ki, E3 ölkələri 2020-ci ilin 20 avqust tarixli məktubunda ABŞ-ı BMT Təhlükəsizlik Şurasında parçalanmanı dərinləşdirə biləcək addımlardan çəkinməyə çağırmışdı. İndi isə, Əraqçinin sözlərinə görə, Avropalı “trio” öz məsləhətlərinə qulaq asmalıdır.
Sevinc Kərimova
