İsrailin İrana qarşı bu gecə başlayan genişmiqyaslı hücumları kəskinləşərək davam edir. Tehran üzərində İranın hava hücumundan müdafiə sistemləri aktivləşib, ölkənin müxtəlif bölgələri, o cümlədən nüvə obyektləri və ballistik raket bazaları intensiv zərbələrə məruz qalır. Son məlumatlara görə, İsrailin hücumları nəticəsində mülki can tələfatı da qeydə alınıb.
Redaksiya xəbər verir ki, İranın hava hücumundan müdafiə sistemləri Tehran üzərindəki hücumlara cavab verir. Urmiya, Marağa və Əhvaz bölgələri də ağır zərbələr altındadır. İsrail Kanal 12-nin məlumatına görə, İsrailin İrana qarşı 4-cü dalğa hücumu başlayıb. İran mediası "Qana qarşı qan" mesajını yayımlayaraq, ölkənin ballistik raket bazalarının vurulduğunu təsdiqləyib. İranın dini lideri Əli Xamenei rejimin "ən ağır şəkildə cəzalandırılmağı gözləməli" olduğunu bildirib və əlavə edib ki, "Sionist rejim torpaqlarımızda alçaqca bir cinayət törədərək, yaşayış məntəqələrini hədəf aldı. Ağır bir cəza gözləməlidirlər. Hücumda bəzi komandirlərimiz və elm adamlarımız şəhid olub. Onların yerini tutacaqlar dərhal vəzifələrinə davam edəcəklər. Bu cinayətlə sionist rejim özü üçün acı və qaranlıq bir taleyi möhürləyib. Bununla mütləq üzləşəcək."
İsrail ordusu indiyə qədər döyüş təyyarələrinə heç bir hava hücumundan müdafiə raketinin atılmadığını qeyd etsə də, İran mediası "Uzun mənzilli raketlər qəzəblə yola çıxdı. Hazır olun, hədəflərinə çatmaları an məsələsidir" deyə xəbərdarlıq edib.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAEA) İrandakı radiasiya səviyyələri ilə bağlı səlahiyyətlilərlə əlaqədə olduqlarını açıqlayıb. İran Dövlət Televiziyası İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində 5 mülki şəxsin həlak olduğunu, 20 mülki şəxsin isə yaralandığını bildirib. Həmçinin, İsrailin hücum etdiyi İranın Təbriz şəhərindəki İnqilab Keşikçiləri (SEPAH) qərargahından görüntülər də yayılıb.
Sevinc Kərimova
