İran Prezidenti Məsud Pezeşkian ölkədə davam edən etiraz aksiyaları ilə bağlı xalqa müraciət edərək hadisələrə münasibət bildirib və zorakılıq hallarını kəskin şəkildə pisləyib. O, çıxışında etirazların arxasında xarici qüvvələrin dayandığını iddia edib.
Redaksiya xəbər verir ki, Prezident Pezeşkian bəyanatında xaricdən gətirilən terrorçuların məscidləri yandırdığını, günahsız insanları öldürdüyünü və bəzi hallarda baş kəsmə kimi ağır cinayətlər törətdiyini bildirib. Onun sözlərinə görə, bu şəxslər ölkəyə aid deyillər və məqsədləri cəmiyyətdə xaos yaratmaqdır.
İran prezidenti vurğulayıb ki, ölkə vətəndaşlarının dinc etiraz etmək hüququ tanınır və hakimiyyət bu cür çağırışları dinləməyə hazırdır. Lakin zorakılıq, qətl və yanğınlarla müşayiət olunan hərəkətlərin tamamilə qəbuledilməz olduğunu bildirib.
Pezeşkian gənclərə və ailələrə müraciət edərək onları xarici ssenarilərə aldanmamağa çağırıb. O, ABŞ və İsrailin etirazçıları uzaqdan təşviq etdiyini iddia edib və xalqı əvvəlki dövrlərdə olduğu kimi iğtişaşlara imkan verməməyə səsləyib.
Prezident çıxışının sonunda hökumətin vətəndaşların problemlərini dinləməyə və birgə həll yolları tapmağa hazır olduğunu qeyd edərək, cəmiyyətə birlik və məsuliyyət çağırışı edib.
