Bu gün səhər saatlarında Hörmüz boğazında İran hücum qayıqlarının ABŞ bayrağı altında üzən neft tankerinə yaxınlaşması ilə bağlı təhlükəli insident qeydə alınıb. Hadisə regionda dəniz təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Redaksiya The Wall Street Journal-a istinadla xəbər verir ki, 6 İran hücum qayığı ABŞ bayraqlı neft tankerinə yaxınlaşaraq gəmiyə dayanmaq əmri verib. 50 kalibrli silahlarla təchiz olunmuş qayıqlar mühərriklərin söndürülməsini və ekipajın gəmini tərk etməsini tələb edib.
Məlumata görə, tanker bu tələblərə tabe olmayaraq sürətini artırıb və hərəkətini davam etdirib. Gəmi ABŞ hərbi gəmisinin müşayiəti ilə təhlükəli zonanı tərk edib.
Hadisə nəticəsində toqquşma və ya insan tələfatı qeydə alınmayıb. Ekspertlər bildirirlər ki, Hörmüz boğazında bu cür insidentlər qlobal enerji bazarları və beynəlxalq dəniz nəqliyyatı üçün ciddi risklər yarada bilər.
