İran, Almaniya, Fransa və İngiltərədəki səfirlərini məsləhətləşmələr üçün geri çağırıb. Bu addımın səbəbi, üç ölkənin 2015-ci il nüvə anlaşmasında yer alan “geri qaytarma mexanizmi”ni (snapback) işə salaraq BMT-nin İrana qarşı sanksiyalarını yenidən qüvvəyə mindirmə cəhdi olub.
Redaksiya xəbər verir ki, İranın xarici işlər naziri Abbas Arakçi bu qərarı “sorumsuz oyun” adlandıraraq Avropanın beynəlxalq etibarlılığına ciddi zərbə vurduğunu bildirib. O vurğulayıb ki, belə addımlar gələcəkdə Avropanı diplomatik proseslərdən kənarda qoya bilər. Mehr agentliyi yazıb ki, Tehran səfirləri bu ölkələrin BMT Təhlükəsizlik Şurasında sanksiyaların bərpasını dəstəkləyən qərarından sonra geri çağırıb.
Yenidən tətbiq olunacaq məhdudiyyətlərin yaxın günlərdə qüvvəyə minəcəyi açıqlanıb. Sanksiyalar İrana məxsus xaricdəki vəsaitlərin dondurulmasını, silah razılaşmalarının dayandırılmasını və ballistik raket proqramına məhdudiyyətlər qoyulmasını əhatə edəcək. Bu gediş, Rusiya və Çinin Təhlükəsizlik Şurasında sanksiyaların ertələnməsi üçün verdiyi təklifin yalnız dörd səs toplayaraq qəbul edilməməsindən dərhal sonra baş verib.
Üç Avropa ölkəsi İranı nüvə öhdəliklərini pozmaqda və uranı sivil məqsədlərin fövqündə zənginləşdirməkdə günahlandırır. Tehran isə cavabında bildirib ki, atdığı addımlar digər tərəflərin anlaşma üzrə öhdəliklərini yerinə yetirməməsinə qarşılıqdır.
