İran: ABŞ artıq dünyaya təkbaşına qayda diktə edə bilməz

İran: ABŞ artıq dünyaya təkbaşına qayda diktə edə bilməz

Sevinc Kərimova · Media ·

İran müdafiə nazirinin müavini Rza Təlai Nik ABŞ-ın beynəlxalq sistemi təkbaşına yönləndirmək gücünü itirdiyini bildirib.

Redaksiya GDH-yə istinadla xəbər verir ki, Təlai Nik bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının müdafiə nazirləri toplantısı üçün getdiyi Qırğızıstanın paytaxtı Bişkekdə danışıb.

İran rəsmisi açıqlamasında Vaşinqtonun Tehranla bağlı siyasətini sərt tənqid edib. Onun sözlərinə görə, ABŞ artıq başqa ölkələrə öz siyasi iradəsini diktə edə biləcək mövqedə deyil.

Təlai Nik bildirib ki, Vaşinqton “qanunsuz və məntiqsiz tələblərindən” geri çəkilmək məcburiyyətində qalacaq. O, ABŞ və İsraili “dövlət terrorizminin simvolları” adlandırıb və bu siyasətin regional, eləcə də qlobal sabitliyi təhdid etdiyini deyib.

İran müdafiə nazirinin müavini ölkəsinin hərbi və müdafiə imkanlarını gücləndirməyə davam etdiyini də vurğulayıb. Onun sözlərinə görə, İran silahlı qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün daxili müdafiə potensialını artırır.

Təlai Nik həmçinin İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə və “müstəqil dövlətlərlə” müdafiə sahəsində əməkdaşlığa açıq olduğunu bildirib. O, Tehranın hərbi və müdafiə imkanlarını tərəfdaş ölkələrlə paylaşmağa hazır olduğunu deyib.

Bişkek səfəri çərçivəsində Təlai Nik Rusiya, Pakistan və Belarusun müdafiə nazirləri ilə ayrıca görüşlər keçirib. İran tərəfi bu görüşləri regional təhlükəsizlik və müdafiə əməkdaşlığının gücləndirilməsi baxımından əhəmiyyətli hesab edir.

Açıqlamalar ABŞ və İran arasında gərginliyin yüksək olduğu dövrə təsadüf edir. Tehran Vaşinqtonu təzyiq və sanksiya siyasətində günahlandırır, ABŞ isə İranı regional sabitliyi pozmaqda ittiham edir.