İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ rəsmilərinin münaqişələrin başlanmasına görə məsuliyyətlə bağlı açıqlamalarına münasibət bildirib. O, Vaşinqtonun İranla münasibətlərində keçmişdə atdığı addımları xatırladaraq ABŞ rəhbərliyini tarixi hadisələri nəzərə almağa çağırıb.
Redaksiya məlumat verir ki, Bəqayi ABŞ rəsmilərinin münaqişələri kimin başlatdığını müzakirə edərkən 1953-cü ilin avqustunda İranda Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) dəstəyi ilə həyata keçirilmiş dövlət çevrilişini unutmamalı olduqlarını bildirib.
İran XİN sözçüsü həmçinin 1980–1988-ci illərdə davam etmiş İran–İraq müharibəsi zamanı ABŞ-ın Səddam Hüseyn rejiminə göstərdiyi dəstəyi xatırladıb.
Bəqayi Ronald Reyqan administrasiyasını İraqın iranlılara qarşı kimyəvi silahlardan istifadə etməsində məsuliyyət daşımaqda ittiham edib.
O, 1988-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara və həmin il İranın sərnişin təyyarəsinin vurulmasına da diqqət çəkib.
Qeyd edək ki, 3 iyul 1988-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Vincennes” hərbi gəmisi İranın 655 saylı sərnişin reysini yerinə yetirən təyyarəsini vurub. Hadisə nəticəsində təyyarədəki 290 nəfərin hamısı həlak olub.
İran rəsmisi ABŞ-ın ölkəsinə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları da tənqid edib. Onun sözlərinə görə, Vaşinqtonun bu addımları İran xalqına mənfi təsir göstərib.
Bəqayi ABŞ-ın 2018-ci ildə İranın nüvə proqramı üzrə beynəlxalq razılaşmadan birtərəfli qaydada çıxmasını da xatırladıb.
XİN sözçüsü 2020-ci ilin yanvarında İranın Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin ABŞ-ın Bağdadda həyata keçirdiyi hava zərbəsi nəticəsində öldürülməsini də Vaşinqtonun keçmiş hərəkətləri sırasında göstərib.
Bəqayinin sözlərinə görə, ABŞ rəsmiləri İranla bağlı münaqişələrin tarixi səbəblərini müzakirə edərkən bütün bu hadisələri nəzərdən qaçırmamalıdırlar.
