Türkiyəli iş adamı Əli Koç müsahibə zamanı ölkəsinin ingilis dilində adlandırılması ilə bağlı aparıcıya düzəliş edib. Aparıcının “Turkey” ifadəsini işlətməsinə münasibət bildirən Koç rəsmi adın “Türkiye” olduğunu xatırladıb.
Redaksiya xəbər verir ki, Əli Koç söhbət zamanı təkcə aparıcının deyil, özünün də bəzən əvvəlki addan istifadə etdiyini etiraf edib.
“Əvvəlcə həm özümə, həm də sizə düzəliş etməliyəm. İngilis dilində ‘Turkey’ deyil, ‘Türkiye’ deməliyik”, – deyə Koç bildirib.
O, ölkənin beynəlxalq adlandırılmasında dəyişiklik edildiyini xatırladaraq yeni ifadəyə alışmağın müəyyən vaxt tələb etdiyini vurğulayıb.
“Biz bu keçidi yenicə etmişik və mən də eyni səhvi dəfələrlə təkrarlayıram”, – deyə iş adamı əlavə edib.
Qeyd edək ki, Türkiyənin beynəlxalq səviyyədə rəsmi adının “Turkey”dən “Türkiye”yə dəyişdirilməsi 2022-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilib. Bundan sonra ölkənin beynəlxalq yazışmalarda və rəsmi sənədlərdə “Türkiye” adı ilə təqdim olunmasına başlanılıb.
