III MDB Oyunlarına həsr olunan ilk mətbuat konfransı təşkil olundu

III MDB Oyunlarına həsr olunan ilk mətbuat konfransı təşkil olundu

Fərid Əlizadə · İdman ·

Bu ilin payızında ölkəmiz növbəti mötəbər idman tədbirinə ev sahibliyi edəcək. III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək. Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 iyul 2024-cü il tarixli Sərəncamına əsasən Təşkilat Komitəsi yaradılıb.

Redaksiya xəbər verir ki, III MDB Oyunlarına həsr olunan ilk mətbuat konfransı keçirilib. Konfransda tədbirə hazırlıq mərhələsi haqqında media nümayəndələrinə ətraflı məlumat verilib. Qeyd olunub ki, Təşkilat Komitəsinin üzv qurumları, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə inzibati məsələlər, tədbir məkanlarının hazırlıq vəziyyətinə gətirilməsi, iştirakçıların akkreditasiyası, yerləşdirilməsi və digər məsələlər üzrə hazırlıq işlərini davam etdirilir.

“Hər qəlbdə bir qələbə!” şüarı altında keçiriləcək III MDB Oyunları Azərbaycanın 7 bölgəsində -Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl, Mingəçevir şəhərlərində təşkil olunacaq. Açılış və bağlanış mərasimi isə Gəncə şəhər stadionunda baş tutacaq. Ümumilikdə 23 idman növü üzrə 12 idman obyektində yarışlar keçiriləcək. Oyunlarda 5500-ə yaxın iştirakçı gözlənilir. Tədbirdə MDB ölkələri ilə yanaşı, digər ölkələrin də dəvət olunması nəzərdə tutulur.
www. cisgames2025.com

Həmçinin, mətbuat konfransında III MDB Oyunlarının rəsmi internet səhifəsi təqdim olunub.

M.Sadiq.