İran dövlət televiziyası ABŞ-la hazırlanan razılaşma layihəsi çərçivəsində Hörmüz boğazında kommersiya gəmiçiliyinin bir ay ərzində tam bərpa oluna biləcəyini açıqlayıb.
Redaksiya xəbər verir ki, İran mediası Tehran və Vaşinqton arasında ilkin qeyri-rəsmi anlaşma çərçivəsinin hazırlandığını bildirib.
Layihəyə əsasən, İran Hörmüz boğazından kommersiya gəmilərinin keçidini müharibədən əvvəlki səviyyəyə qaytaracaq.
Bunun qarşılığında ABŞ-ın İrana qarşı dəniz blokadasını dayandırması və bölgədəki hərbi qüvvələrini geri çəkməsi nəzərdə tutulur.
İran tərəfi bildirir ki, razılaşma hərbi gəmiləri əhatə etmir. Gəmi trafiki isə İran və Oman arasında koordinasiya əsasında idarə olunacaq.
Tehran sənədin hələ yekunlaşmadığını və ABŞ tərəfindən real addımlar atılmadan heç bir öhdəlik götürməyəcəyini bildirib.
Reuters yazır ki, razılaşma 60 gün ərzində tamamlanarsa, daha sonra BMT Təhlükəsizlik Şurası qətnaməsi ilə hüquqi qüvvəyə malik sənədə çevrilə bilər.
Ağ Ev isə İran mediasında yayılan iddiaları təsdiqləməyib və razılaşmanın şərtləri ilə bağlı yekun qərar olmadığını bildirib.
