Türkiyəli maliyyə analitiki İslam Memiş 2026-cı il üçün ciddi iqtisadi risklər barədə açıqlamalar verib və vətəndaşları xüsusilə fiziki aktivlərini qorumağa çağırıb. Onun sözlərinə görə, yaxın dövrdə insanların sahib olduqları real aktivləri əllərindən almağa yönəlik müxtəlif mexanizmlər işə düşəcək.
Redaksiya xəbər verir ki, İslam Memiş 2026-cı ildə Türkiyədə qram qızılın qiymətinin ilk dəfə olaraq beşrəqəmli səviyyəyə çatacağını bildirib. Analitik konkret olaraq 10 min lirə səviyyəsindən danışdığını vurğulayıb və bunun tarixi bir hədd olacağını qeyd edib.
Maliyyə eksperti eyni zamanda avtomobilini və ya evini sataraq varlanmaq arzusunda olanlara da xəbərdarlıq edib. Onun fikrincə, bu cür addımlar nəticə verməyəcək və belə planlar uğursuzluqla nəticələnəcək.
İslam Memiş ilk dəfə ev almağı planlaşdıran şəxslərə isə vaxt itkisinə yol verməməyi tövsiyə edib. O bildirib ki, bu kateqoriyaya aid olanlar ən gec fevral və ya mart aylarından etibarən hazırlıqlara başlamalıdırlar, çünki sonrakı mərhələdə şərtlər daha da çətinləşə bilər.
