1987-ci ildə American Airlines ciddi maliyyə çətinlikləri fonunda misilsiz bir kampaniya elan etdi: 250 min dollara həyat boyu limitsiz, birinci sinif səyahət imkanı. Şirkət bu təklifi yalnız varlı və sadiq müştərilərə yönəlmişdi. Lakin bu fürsəti ilk görən və əldən buraxmayan Stiven Rotsteyn oldu. O, bileti aldı və qısa zamanda aviasiya tarixinin ən mübahisəli sərnişininə çevrildi.
Redaksiya məlumat verir ki, AAirpass adlı bu Biznes Klass bileti ilə Rotsteyn istədiyi şəhərə, istədiyi qədər, istədiyi vaxt uçmağa başladı. Sadəcə 2007-ci ildə onun ümumi uçuş məsafəsi 16 milyon kilometrdən çox olmuşdu. Bu, Yerin ətrafında təxminən 400 dövrəyə bərabərdir. O, bir gün ərzində 3-4 fərqli reysə minir, bəzən yalnız nahar etmək üçün başqa şəhərə gedib qayıdırdı. Təyyarələr onun ofisinə, istirahət otağına, kitabxanasına çevrilmişdi.
Rotsteyn biletdən tək özü üçün deyil, dostları və tanışları üçün də istifadə edirdi. 2004-cü ildə əlavə 150 min dollar ödəyərək ona bir nəfəri də müşayiət etməyə imkan verən seçim aldı. Uçuşlardan, salon xidmətlərindən, yemək və eksklüziv imkanlardan tam şəkildə faydalanırdı. Hər bir səfəri American Airlines-a minlərlə dollara başa gəlirdi.
Şirkət əvvəlcə bu loyal müştəridən məmnun olsa da, illər sonra onun uçuş statistikasını nəzərdən keçirdikdə sarsıldı. Bu qədər intensiv istifadə American Airlines üçün ciddi maliyyə itkisinə səbəb olmuşdu. 2008-ci ildə şirkət Rotsteynin biletini birtərəfli qaydada ləğv etdi və onu sistematik sui-istifadədə ittiham etdi. Rotsteyn isə bu qərarı məhkəməyə daşısa da, hüquqi uğur qazana bilmədi. Onun cavabı sadə idi: “Mən sadəcə sizin təklif etdiyiniz xidmətdən istifadə etmişəm. Qaydaları mən yazmamışam.”
Stiven Rotsteynin hekayəsi bir çoxlarına xəyal kimi görünə bilər. O, təkcə səyyah deyildi, o, havada yaşayan bir insana çevrilmişdi. Bu, zamanında verilmiş cəsarətli bir qərarın, sadə bir fürsətin necə qlobal miqyaslı nəticələr doğura biləcəyinin nadir nümunəsidir. Onun adı bu gün də aviasiya sənayesində bir dərs, bir əfsanə kimi xatırlanır.
Sevinc Kərimova




