Hantavirusa qarşı vaksin hazırlanır

Hantavirusa qarşı vaksin hazırlanır

Aytac Dəniz · Media ·

Beynəlxalq alimlər qrupu hantavirusa qarşı vaksin üzərində işə başlayıb.

Redaksiya BBC və ÜST-ə istinadla xəbər verir ki, layihə üzərində ABŞ və Cənubi Afrikadan olan mütəxəssislər çalışır.

Alimlər vaksin preparatının temperatur dəyişikliklərinə daha davamlı olması üçün “silikasiya” texnologiyasından istifadə edirlər. Bu üsul vaksinin nazik qeyri-üzvi qatla örtülməsinə imkan verir.

Mütəxəssislərin fikrincə, belə texnologiya preparatın saxlanmasını və çətin keçilən bölgələrə, o cümlədən dronlarla çatdırılmasını asanlaşdıra bilər.

Hazırda hantavirusa qarşı spesifik müalicə mövcud deyil. Bununla belə, xəstəliyin erkən mərhələsində tibbi müdaxilə sağ qalma şansını artırır.

ÜST-ün məlumatına görə, MV Hondius kruiz gəmisində hantavirusla bağlı 8 yoluxma halı qeydə alınıb, onlardan 5-i laboratoriya yolu ilə təsdiqlənib. Hadisə nəticəsində 3 nəfər ölüb.

Gəmidə ümumilikdə 147 nəfər olub. Onlardan 88-i sərnişin, 59-u isə ekipaj üzvüdür.

Mütəxəssislər əhali arasında virusun geniş yayılma riskini aşağı qiymətləndirirlər. Hantavirus əsasən yoluxmuş gəmiricilərlə təmas yolu ilə yayılır, insandan insana keçmə halları isə nadir sayılır.