Google-un Sİ sistemi diaqnostik dəqiqliyi 88 faizə çatdırıb

Google-un Sİ sistemi diaqnostik dəqiqliyi 88 faizə çatdırıb

Aytac Dəniz · Media ·

Google tədqiqatçıları ResidencyRL adlı yeni yanaşma ilə süni intellekt agentini minlərlə simulyasiya edilmiş klinik görüşdə öyrədiblər. Sistem sadə tibbi test suallarını cavablandırmaq əvəzinə xəstə ilə uzunmüddətli dialoq aparır, anamnez toplayır, əlavə suallar verir, diaqnostik ehtimallar formalaşdırır və tibbi vasitələrdən istifadə edərək qərarlar qəbul edir. Bu barədə Google tədqiqatçıları məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, simulyasiya edilmiş klinik görüşlər 60 dialoq mərhələsinə və 8 tibbi alətdən istifadəyə qədər davam edə bilir. Təlim zamanı xəstə simulyatorları qəsdən daha mürəkkəb davranışlar nümayiş etdirib, o cümlədən simptomları şişirdib, həkimin mövqeyinə etiraz edib və bəzi hallarda tibbi tövsiyələrə əməl etməkdən imtina edib.

Tədqiqatın nəticələrinə əsasən, ResidencyRL ilə öyrədilmiş agent mürəkkəb və qəsdən çətinləşdirilmiş klinik ssenarilərdə diaqnostik dəqiqliyini 81 faizdən 88 faizə yüksəldib. Eyni zamanda ciddi təhlükə əlamətlərinin gözdən qaçırılması halları 31 faiz azalıb.

Sertifikatlı həkimlərin apardığı kor qiymətləndirmədə mütəxəssislər ResidencyRL ilə öyrədilmiş agenti müqayisələrin 87,6 faizində baza modelindən üstün hesab ediblər. Sistem məlumat toplamağın tamlığı, müalicə planının uyğunluğu və ümumi klinik yanaşma baxımından daha yüksək nəticələr göstərib.

Tədqiqatçılar bununla belə sistemin real xəstəxana və klinikalarda həkimləri əvəz etməyə hazır olduğunu bildirmirlər. Araşdırmada vurğulanır ki, nəticələr simulyasiya edilmiş mühitdə əldə olunub və sistemin real klinik istifadəyə yararlılığı üçün ayrıca perspektiv sınaqlar və təhlükəsizlik qiymətləndirmələri tələb olunur.