Google-un süni intellekt infrastrukturu üzrə rəhbərliyi şirkətin artan tələbi qarşılamaq üçün xidmət gücünü hər altı ayda iki dəfə artırmalı olduğunu bildirib. Bu, 4–5 il ərzində ümumilikdə min dəfə daha böyük imkan əldə etmək deməkdir və şirkətin daxilində strateji prioritet kimi qiymətləndirilir.
Redaksiya xəbər verir ki, Google Cloud vitse-prezidenti Amin Vahdat noyabrın 6-da keçirilən ümumşirkət toplantısında “AI compute demand” adlı təqdimatda rəqabətin ən kritik və eyni zamanda ən bahalı istiqamətinin məhz infrastruktur olduğunu vurğulayıb. O, bu yanaşmanın Alphabet-in bu il üçün kapital xərclərini 91–93 milyard dollaradək yüksəltməsi ilə üst-üstə düşdüyünü qeyd edib.
Toplantıda CEO Sundar Piçai hesablama gücü çatışmazlığının məhsul təqdimatlarını ləngitdiyini, o cümlədən Veo video generasiya xidmətinin daha geniş istifadəçi auditoriyasına açıla bilməməsinin əsas səbəbinin məhz bu məhdudiyyətlər olduğunu bildirib. Onun sözlərinə görə, bulud biznesində 15 milyard dollarlıq gəlir və 34 faiz artım əldə edilsə də, əlavə hesablama resursları olduqda nəticələr daha yüksək ola bilərdi.
Sektor üzrə nəhənglərin — Microsoft, Amazon, Meta və Google-un — təkcə 2024-cü il üçün ümumilikdə 380 milyard dollardan artıq infrastruktur xərcləməsi isə bazarda görünməmiş miqyasda kapital yönləndirilməsi kimi dəyərləndirilir. Mütəxəssislər bu dinamikanın getdikcə güclənən rəqabət fonunda texnologiya sektorunda strateji risklər və davamlılıq məsələlərini daha da önə çıxardığını bildirirlər.
