Flydubai pilotuna uçuş zamanı köməkçi pilot hücum edib

Flydubai pilotuna uçuş zamanı köməkçi pilot hücum edib

Aytac Dəniz · Media ·

Dubaydan Təl-Əvivə uçan Flydubai şirkətinə məxsus FZ1073 reysində əsas pilotun köməkçi pilot tərəfindən bıçaqlandığı bildirilir. Hadisədən sonra təyyarə sürətlə hündürlük itirib və Səudiyyə Ərəbistanının Tabuk şəhərində təcili eniş edib. Bıçaqlanan kapitanın Hindistan vətəndaşı Smit Maççar olduğu müəyyənləşdirilib. Bu barədə Reuters və digər beynəlxalq media məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, İsrail rəsmilərinin məlumatına görə, Oman vətəndaşı olduğu bildirilən köməkçi pilot təyyarəni qəzaya uğratmağa cəhd edib. Kabində baş verən qarşıdurmadan sonra ekipaj üzvləri və sərnişinlərin müdaxiləsi ilə hücum edən şəxs zərərsizləşdirilib. Təyyarədə olan 170-dən çox sərnişinin xəsarət almadığı bildirilir.

Reuters qeyd edir ki, hadisənin motivi hələ müəyyən edilməyib və araşdırma davam edir. İsrail tərəfi insidenti ciddi təhlükəsizlik hadisəsi kimi qiymətləndirib, lakin bunun terror aktı olub-olmadığı rəsmi istintaq başa çatmadan təsdiqlənməyib.

Smit Maççarın təxminən 13 illik aviasiya təcrübəsinə və 9 min 750 saatdan çox uçuş təcrübəsinə malik olduğu bildirilir. O, Flydubai-dən əvvəl uzun müddət SpiceJet şirkətində çalışıb. Hadisədən sonra hər iki pilot xəstəxanaya yerləşdirilib.