Slovakiyanın Baş naziri Robert Fiko Moskvaya səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin mesajını Rusiya Prezidenti Vladimir Putinə çatdırmağı planlaşdırır.
Redaksiya xəbər verir ki, bu barədə Slovakiya Xarici İşlər Nazirliyinin dövlət katibi Rastislav Xovanets açıqlama verib.
Onun sözlərinə görə, Robert Fiko ötən həftə Volodimir Zelenski ilə iki dəfə əlaqə saxlayıb. Moskva səfəri zamanı isə o, Putinlə görüşərək Ukrayna liderinin mesajlarını Rusiya prezidentinə çatdıra biləcək.
Rastislav Xovanets bildirib ki, Slovakiya Baş naziri eyni zamanda Vladimir Putindən müharibənin dayandırılması istiqamətində aparılan səylərlə bağlı qiymətləndirmələr də əldə edə bilər.
Açıqlamada qeyd olunub ki, görüşün əsas məqsədlərindən biri Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması istiqamətində diplomatik imkanların müzakirəsidir.
