Estoniya dekabrın 1-dən etibarən Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlamaq qərarına gəlib. Buna ölkənin müdafiə sənayesi müəssisəsinə qarşı həyata keçirilməsinə cəhd göstərilən təxribat səbəb olub. Bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Estoniyanın Baş naziri Kristen Mixal “Threod Systems” müdafiə şirkətinə qarşı hücum cəhdinin Rusiya hərbi kəşfiyyatının göstərişi ilə təşkil olunduğunu bildirib. Estoniya təhlükəsizlik orqanlarının qiymətləndirməsinə əsasən, əməliyyatın arxasında Rusiyanın Baş Kəşfiyyat İdarəsi (QRU) dayanır.
Məlumata görə, noyabrın 14-də Estoniyanın Viimsi bölgəsində yerləşən şirkətin binasında partlayış törətmək və yanğın çıxarmaq cəhdi olub. Təhlükəsizlik əməkdaşlarının operativ müdaxiləsi nəticəsində hücumun qarşısı alınıb. Hadisə ilə əlaqədar səkkiz şübhəli saxlanılıb.
Estoniya hökuməti bildirib ki, Rusiya xüsusi xidmət orqanlarının ölkənin müdafiə sənayesinə qarşı fəaliyyətləri milli təhlükəsizliyə ciddi təhdid yaradır. Rəsmi Tallin sərhədlərin bağlanmasını bu cür təxribatların qarşısının alınması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirir.
