Azərbaycan-Türkiyə-Pakistan üçlüyü bu gün sadəcə diplomatik və siyasi əməkdaşlıq platforması deyil, həm də ortaq tarixə, ortaq dəyərlərə və ortaq gələcəyə söykənən strateji müttəfiqlik modelidir.
Bu günlərdə işğaldan azad edilmiş və qürurla dirçələn tarixi torpağımızda - Laçında keçirilən görüş öz möhtəşəmliyi ilə bir daha xalqlarımıza böyük qürur hissi yaşatdı. Ali qonaqları yeni istifadəyə verilmiş Laçın Hava Limanında qarşılayan Müzəffər Prezidentimiz cənab İlham Əliyev ölkəmizin nələrə qadir olduğunu bir daha dünyaya nümayiş etdirdi. Dörd il öncəyə qədər işğal altında qalmış digər yurdlarımız kimi Laçın da xəyanətin, terrorun, vandalizmin ağır nəticələrinə məruz qalmışdı.
Üç qardaş ölkə liderlərinin tarixi Zirvə görüşündə geniş məzmunlu çıxış edən Ölkə başçımız bir çox məqamlarla yanaşı tarixi proseslər barədə də fikir bildirdi. Məlum olduğu kimi 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.
Bu tarixi dönüş xalqımızın azadlıq, suverenlik və milli iradə uğrunda illərlə apardığı mübarizənin nəticəsi idi. Lakin müstəqilliyin ilk illəri Azərbaycan üçün böyük sınaqlar, ağrılar və faciələrlə müşayiət olundu. Bu acıların başlıca səbəbi isə Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti oldu. Müstəqilliyimizin bərpasından cəmi dörd ay sonra, 1992-ci ilin fevral ayında Ermənistan silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində XX əsrin ən dəhşətli faciələrindən birinə – Xocalı soyqırımına imza atdılar. Xocalı soyqırımı təkcə bir şəhərin yox, bütün bir millətin məruz qaldığı amansız zorakılığın və beynəlxalq hüququn açıq şəkildə pozulmasının simvoluna çevrildi.
Müstəqilliyin ilk aylarında Azərbaycan əraziləri sistemli şəkildə işğala məruz qaldı. 1992-ci ilin mayında əvvəlcə Şuşa, ardından isə strateji əhəmiyyətə malik Laçın şəhəri Ermənistan tərəfindən işğal olundu. Bu, o zamankı “Dağlıq Qarabağ”la Ermənistan arasında birbaşa əlaqə yaradan Laçın dəhlizinin ələ keçirilməsi demək idi və münaqişənin daha da dərinləşməsinə səbəb oldu. İşğal nəticəsində təkcə Laçından deyil, digər rayonlardan da yüz minlərlə soydaşımız doğma yurd-yuvalarını tərk etməyə məcbur oldu. 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti xarici dəstək və biganə beynəlxalq münasibət nəticəsində daha da geniş vüsət aldı.
Nəticədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu – Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl və Ağdam – Ermənistan silahlı qüvvələrinin işğalı altına düşdü. Beləliklə, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazisinin təxminən 20 faizi işğal olundu. Bu ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirildi.
Qarabağ və Şərqi Zəngəzur bölgələrindən yüz minlərlə insan – qadın, uşaq, qoca demədən – məcburi köçkünə çevrildi, illərlə qaçqın-köçkün həyatı yaşamağa məcbur oldu. İnsanlar öz doğma torpaqlarından silahla, zorla, işgəncə ilə çıxarıldı, şəhərlər və kəndlər dağıdıldı, mədəni və dini abidələr məhv edildi. Azərbaycan xalqı yalnız fiziki deyil, həm də mənəvi itkilərə məruz qaldı. Bu illər ərzində beynəlxalq ictimaiyyətin böyük bir hissəsi bu ədalətsizliklərə ya səssiz qaldı, ya da birtərəfli mövqe sərgilədi.
Ancaq Azərbaycan xalqı ümidini və mübarizə ruhunu itirmədi. Dövlətimiz gücləndikcə, ordumuz modernləşdikcə və diplomatik mövqeyimiz möhkəmləndikcə, tariximizin bu qara səhifəsinin çevriləcəyi günə inam daha da artdı. Bu inam 2020-ci ildə 44 günlük Vətən müharibəsində öz bəhrəsini verdi. Azərbaycan xalqı öz əzəli torpaqlarını işğaldan azad etməklə təkcə torpaq deyil, həm də ləyaqətini, tarixi ədaləti və milli qürurunu bərpa etdi. Lakin tarix unudulmamalıdır. Xocalı, Laçın, Şuşa və digər işğal olunmuş bölgələrdə yaşananlar təkcə keçmişin ağrısı deyil, həm də gələcək nəsillər üçün bir dərsdir.
Təvəkkül Məmmədov
Neftçala rayonu
