Ərdoğan və Tramp telefon danışığı aparıb: Suriya mövzusu xüsusi diqqət çəkib

Ərdoğan və Tramp telefon danışığı aparıb: Suriya mövzusu xüsusi diqqət çəkib

Sevinc Kərimova · Siyasət ·

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı keçirib. Danışıq zamanı Türkiyə–ABŞ ikitərəfli münasibətləri, Suriyadakı son vəziyyət, Qəzza Sülh Şurasının fəaliyyəti, müdafiə sənayesi üzrə əməkdaşlıq, ticarət əlaqələri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.

Redaksiya xəbər verir ki, Prezident Ərdoğan Türkiyənin ABŞ ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atmağa davam edəcəyini bildirib və bütün sahələr üzrə münasibətlərin inkişafının hər iki ölkənin qarşılıqlı maraqlarına cavab verdiyini vurğulayıb.

Telefon danışığında Suriya mövzusu da xüsusi diqqət mərkəzində olub. Prezident Ərdoğan Türkiyənin qonşu Suriyada atəşkəs və inteqrasiya razılaşmasının tam icrasına böyük əhəmiyyət verdiyini qeyd edib, Ankaranın bu prosesi ABŞ və Suriya qurumları ilə koordinasiyalı şəkildə yaxından izlədiyini diqqətə çatdırıb.

Qəzza ilə bağlı məsələlərə toxunan Türkiyə Prezidenti Qəzza Sülh Şurasının faydalı fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirib. O, Qəzzada humanitar fəlakətin sona çatdırılmasının və ərazinin bərpasının regionda davamlı sülhün bərqərar olmasına yol açacağını vurğulayıb.