İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazı ətrafında baş verən hadisələrin siyasi böhranların hərbi yolla həll edilə bilməyəcəyini göstərdiyini bildirib. O, ABŞ-ı regionda yeni qarşıdurmaya çəkilməməyə çağırıb.
Redaksiya İran Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Əraqçi Pakistanın vasitəçilik səyləri ilə danışıqlarda irəliləyiş olduğunu qeyd edib. Nazir Vaşinqtona xəbərdarlıq edərək bildirib ki, ABŞ “pis niyyətli qüvvələr” tərəfindən yenidən bataqlığa sürüklənməkdən ehtiyat etməlidir.
Əraqçi eyni xəbərdarlığın Birləşmiş Ərəb Əmirliklərinə də aid olduğunu vurğulayıb. Onun sözlərinə görə, Hörmüzdəki son proseslər göstərir ki, gərginliyin artırılması nə regional təhlükəsizliyə, nə də diplomatik həll imkanlarına xidmət edir.
İran XİN rəhbəri ABŞ-ın “Project Freedom” təşəbbüsünü də tənqid edib. Əraqçi bu planı “Project Deadlock” adlandıraraq bildirib ki, belə addımlar problemi həll etmək əvəzinə, danışıqları dalana dirəyə bilər.
Açıqlama ABŞ-ın Hörmüz boğazında gəmilərin müşayiəti ilə bağlı fəaliyyətini artırdığı, İranın isə bölgədə xarici hərbi mövcudluğa qarşı sərt xəbərdarlıqlar verdiyi bir vaxtda səslənib. Pakistan isə Tehran və Vaşinqton arasında diplomatik kanal kimi çıxış etməyə çalışır.
