Ekologiya və Təbii Sərvətlər Nazirliyi sahibkarı məhkəməyə verdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sahibkarı məhkəməyə verdi

Aytac Dəniz · Cəmiyyət ·

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi sahibkar Cavidan Avşarovu məhkəməyə verib.

İddiaçı 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi məhkəməyə müraciət edərək 2017-ci ildə torpaq sahəsinin icarə müqaviləsinin ləğv edilməsini, Hacıkənd meşəbəyliyinin 3-cü kvartalında yerləşən ümumilikdə 0,70 hektar meşə fondu torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq ona təhvil verilməsini və torpaq vergisi üzrə yaranmış 2 520 manat məbləğində borcun Cavidan Avşarovdan tutulmasını istəyib.

İş materiallarından məlum olub ki, tərəflər arasında 2017-ci ildə torpaq sahəsinin icarə müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, Hacıkənd meşəbəyliyinin 3-cü kvartalında yerləşən, ümumilikdə 0,70 hektar meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaq sahəsi meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə 10 il müddətinə Cavidan Avşarovun istifadəsinə verilib.

İddiaçı məhkəməyə müraciətində cavabdehin müqavilə şərtlərini kobud şəkildə pozduğunu, uzun müddət icarə haqqını ödəmədiyini və bunun nəticəsində 2 520 manat məbləğində borc yarandığını göstərib.

İddia ərizəsinə görə, edilmiş xəbərdarlıqlara baxmayaraq, Cavidan Avşarov üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Bu səbəbdən 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi icarə müqaviləsinin ləğv edilməsini, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq ona təhvil verilməsini və yaranmış borcun cavabdehdən tutulmasını tələb edib.

İşə ilkin olaraq Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmə qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilib. Gəncə Kommersiya Məhkəməsi isə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Ali Məhkəməyə müraciət edib.

Məhkəmənin diqqət yetirdiyi əsas məsələlərdən biri tərəflərin hüquqi statusu və aralarındakı münasibətin xarakteri olub.

Araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən əldə edilmiş məlumatları da nəzərə alıb. Vergi orqanının məktubuna əsasən, vergi ödəyicilərinin dövlət reyestrində sorğuda adı göstərilən Cavidan Avşarovun vergi orqanında vergi ödəyicisi kimi uçotda olması barədə məlumat aşkar edilməyib.

Bundan başqa, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə aparılmış sorğunun nəticələrinə əsasən cavabdehin VÖEN-nə malik olmadığı müəyyənləşdirilib. Cavabdeh də məhkəmə iclasında verdiyi izahatında vergi ödəyicisi olmadığını bildirib.

Məhkəmə aidiyyət məsələsini həll edərkən qeyd edib ki, mübahisənin kommersiya məhkəməsində araşdırılması üçün yalnız münasibətin sahibkarlıq fəaliyyəti ilə bağlı olması kifayət etmir.

Belə ki, kommersiya mübahisəsi hesab edilən işlərdə hüquq münasibətlərinin xarakteri ilə yanaşı, mübahisənin tərəflərin sahibkarlıq fəaliyyəti ilə əlaqəsindən irəli gəlməsi də nəzərə alınmalıdır.

Bu baxımdan Ali Məhkəmə hesab edib ki, tərəflər arasındakı mübahisənin kommersiya məhkəməsində baxılması üçün zəruri meyarlar mövcud deyil. Nəticədə mübahisənin kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə araşdırılmalı olduğu qənaətinə gəlinib.

Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cavidan Avşarova qarşı müqavilənin ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi və borcun tutulması tələbinə dair iş məhkəmə aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Beləliklə, məhkəmə bu mərhələdə icarə müqaviləsinin ləğv edilib-edilməməsi, 0,70 hektar meşə fondu torpaq sahəsinin qaytarılması və 2 520 manat borcun tutulması ilə bağlı iddianın mahiyyəti üzrə qərar qəbul etməyib. İşə həmin tələblər üzrə Gəncə Şəhər Məhkəməsində baxılacaq. (Plat)